"İdman" telekanalı fəaliyyətə başladığı ilk günlərdən ölkəmizdə aparılan idman siyasətinin uğurla həyata keçirilməsinə çalışır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu idman siyasətinin istər Azərbaycanda, istərsə də xarici ölkələrdə təbliği və təşviqi faktoru olaraq "İdman" telekanalı bu siyasətdə öz əhəmiyyətli rolunu oynamaqdadır. Belə ki, bu siyasətin mühüm tərkib hissəsi həm də ondan ibarətdir ki, yeniyetmə və gənclərimiz, cəmiyyətimizin bütün üzvləri idman məşğələlərinə cəlb olunsun, bununla da tariximizin sağlam gələcəyi təmin edilsin.
Telekanalın yaradılmasının 15 illiyi münasibətilə Azərbaycan Televiziyasında tədbir keçirilib. Tədbirdə kanalın inkişafına verdiyi töhfələrə görə televiziyanın bir qrup əməkdaşı fərxri fərmanla təltif edilib. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov tədbir zamanı İdman TV-nin bütün əməkdaşlarını təbrik edib, onlara şərəfli, məsuliyyətli fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, "İdman" telekanalı 2009-cu il fevral ayının 1-də Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. Bu illər ərzində telekanalın maddi-texniki bazası xeyli inkişaf edib, idman yarışlarından reportajların, ayrı-ayrı proqramların operativ şəkildə və canlı olaraq efirə verilməsi təmin olunub.